Bir ilə yaxındır ki, koronavirus dünyanı öz çənginə alıb. Pandemiya dövrü bir çox sahələrdə tənəzzül yaratdığı kimi, öz mənfi təsirini “Toy bazarı”nda və şou sektorunda da göstərib. Müğənnilər deyirlər ki, “Toylara qadağa var. Toy yoxdursa, pul da yoxdur”. Elə son vaxtlar yeni kliplərin də azlığı bunun isbatıdır. Bəs görəsən, məsələyə klipmeykerlərin münasibəti necədir? Klip çəkilişləri həqiqətən azalıb? Pandemiya kliplərin qiymətinə də təsir edir, rejissorlar bu müddətdə çəkilişlərə nə qədər endirim edir?
Hafta.az mövzu ilə bağlı klip rejissorları arasında kiçik bir sorğu apardı.
Məşhur rejissor Aqil M. Quliyevin mövzuya yanaşması bu cür oldu:
“Klip çəkilişi ilə bağlı gərək müraciət edən olsun ki, biz də endirim edək. Yəqin ki, mənim adım bir az bahalı görünür, ona görə də hələ ki, müraciət edən yoxdur”.
Klipmeyker deyir ki, pandemiya bütün sahələrə olduğu kimi, bizim də işimizə təsirsiz ötüşmədi.
“İstər televiziya sahəsi olsun, istərsə də reklam, demək olar ki, son 20 ildən bu yana 1 il fasilə verdik. Şirkətlər işləməyəndə reklam da olmur. İndi-indi həyat normal axarına düşür. Buna görə biz də səbirlə hər şeyin əvvəlki kimi olmasını gözləyirik”.
Digər həmsöhbətimiz rejissor Emin Muradov söylədi ki, pandemiya dövründə daha çox reklam çəkilişləri edib:
“Doğrudan da kliplər demək olar ki, tək-tük çəkilir. Bu il pandemiya müddəti ərzində cəmi 2 klip çəkmişəm. Qiymətlərə gəldikdə isə biz onsuz da normalda da elə endirimlə işləyirik. Bir vaxtlar, ümumiyyətlə, hər şey dayanmışdı. Heç kim reklam çəkdirməyə risk etmirdi. İndi deməzdim ki, hər şey pandemiyadan əvvəlki kimidir, ancaq narazı da deyiləm, iş gedir”.
Rejissor bu il ərzində işlədiyi iki kliplərin qiymətini deməsə də, bildirdi ki, hər iki işdə minimum xərcin çıxması üçün çalışıb:
“Bayaq da qeyd etdiyim kimi, bu il cəmi 2 dənə - Çingiz Mustafayevin və Nərmin Kərimbəyovanın kliplərini çəkmişəm. İkinci klip bu yaxınlarda ərsəyə gəlib. Nərmin Kərimbəyova ilə çalışmışıq ki, minimal xərcimiz çıxsın. Çingiz Mustafayevin “Can-can” klipini isə pandemiya dövründə təbiətdə, rayonda çəkdik. Məkana girmək, işıq və digər effektlər bir qədər büdcə tələb edir. Qiyməti deyə bilməsəm də, onu söyləyim ki, hər 2 klipdə minimal xərcin çıxması üçün əlimizdən gələni etdik”.
Tanınmış rejissor Natiq Novruzov isə ümumiyyətlə, son vaxtlar Azərbaycanda klip bazarının öldüyünü söylədi. Klip çəkilişi üçün isə rejissorun tələb etdiyi qonorar 2000, 2500 və 3000 manat arasıdır:
“Pandemiyadan bu yana klip üçün müraciət edənlərin sayı xeyli azalıb. Hazırda nisyə klip çəkdirmək istəyənlər də var. İndi isə film və serial çəkirəm. 200 manata klip çəkənlər də var. Hələ bu harasıdır? Hər əlinə videoaparat alan klip çəkir. Adları hallansın deyə, bəzən, pulsuz klip çəkirlər. Yəni Azərbaycanda bu iş rəhmətə gedib”.
Sonuncu müsahibimiz rejissor Fərhad Əli oldu. O, gənc olmasına baxmayaraq, bu günə kimi bir çox tanınmış müğənninin klipini çəkmişdir.
Rejissor deyir ki, pandemiya hər kəs kimi, onun da işlərinə pis təsir edib. Klip çəkilişləri əvvəlkinə nisbətən çox azalıb. Çəkilişlər üçün heç vaxt standart qiymət təyin edilməyib. Hər iş üçün ayrıca qiymət olur.
Müsahiblərimizin sözlərindən belə qənaətə gəlmək olar ki, toyların olmaması klip sektorunda da işlərin kasadlaşmasına gətirib çıxarıb. Qeyd edək ki, ölkə ərazisində kütləvi tədbirlərin, o cümlədən toy və yas mərasimlərinin keçirilməsinə qoyulan qadağa ötən ilin mart ayından etibarən qüvvədədir.